11 12 13 Suallar [PDF]

  • 0 0 0
  • Gefällt Ihnen dieses papier und der download? Sie können Ihre eigene PDF-Datei in wenigen Minuten kostenlos online veröffentlichen! Anmelden
Datei wird geladen, bitte warten...
Zitiervorschau

III Mövzu: TƏRBİYƏNİN İDARƏ OLUNMASI PROBLEMİ. ÖZÜNÜTƏRBİYƏ ÖZÜNÜİDARƏNİN ALİ FORMASI KİMİ. Plan:

1. Tərbiyə, özünütərbiyə və yenidəntərbiyə haqqında 2. Şəxsiyyətin inkişafı və özünütərbiyə 3. Özünütərbiyənin üsulları 1. Tərbiyə prosesinin mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, korkoranə bir proses olmayıb, idarəolunan bir prosesdir. Tərbiyə prosesi ona görə idarə olunan bir prosesdir ki, onun məqsədi, motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur. Şübhəsiz ki, bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq şəkildə təşkil etmək elə onun idarə edilməsi deməkdir. Tərbiyə həm xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim və tərbiyəçilərin tərbiyəvi işini həyata keçirən kollektivin fəaliyyəti diqqəti cəlb edir. Daxili idarəetmə isə özünütərbiyə prosesində həyata keçir və özünüidarə rolunu oynayır. Özünütərbiyə insanın şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideala və inamlarına müvafiq olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. Tərbiyənin üç növü vardır: ilkin tərbiyə, özünütərbiyə və yenidəntərbiyə. Özünütərbiyə elə bir prosesdir ki, insan əvvəlki nəsillərin təcrübəsini öz daxili inkişafını təmin edən amillərlə mənimsəyir. Özünütərbiyə həyata keçirildikdə insan özünü təhsilləndirə bilər. Özünütərbiyə insan fəaliyyətinin qarşıya qoyulmuş məqsədlərə, yaranmış ideal və inamlara şüurlu surətdə müvafiq olaraq şəxsiyyətin dəyişilməsinə istiqamətlənməni nəzərdə tutur. Özünütərbiyədə şəxsiyyətin inkişafının müəyyən səviyyəsi, insanın öz davranışını digər insanların davranışı ilə müqayisədə şüurluluğunun təhlili əsas götürülür. Tərbiyə və özünütərbiyə bir-birinə möhkəm tellərlə bağlıdır. Tərbiyəmüəllimlə şagirdlər (yeniyetmə və gənclər) arasında elə ikitərəfli, qarşılıqlı fəaliyyət sahəsidir ki, həmin prosesdə uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, müəllimin bilavasitə və ya bilvasitə göstərdiyi mütəşəkkil təsirlə (özünün fəallığı zəminində) həyata düzgün münasibət bəsləyir, faydalı adətlərə və davranış qaydalarına yiyələnir. Başqa sözlə desək, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Belə formalaşma və inkişaf tərbiyənin mahiyyətini təşkil edir. Tərbiyə insanı doğulduğu gündən ömrünün sonuna qədər müşayiət edir. Bu öyrənmə prosesi, həm də tərbiyə prosesidir. Deməli, tərbiyə prosesi yaxşı təşkil olunub müəyyən səviyyəyə çatanda özünütərbiyəyə ehtiyac yaranır. Özünütərbiyə düzgün aparılan tərbiyənin nəticəsində meydana gəlir. Özünütərbiyə tərbiyədən bilavasitə asılı olan pedaqoji prosesdir, tərbiyənin müəyyən bir formasıdır. Tərbiyə olmadan özünütərbiyədə yüksək nəticələr qazanmaq qeyrimümkündür. Özünütərbiyənin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, şagird (tələbə) tərbiyənin obyektindən onun subyektinə keçir. Özünütərbiyə şagirddən (tələbədən) yüksək şüurluluq və məqsəd aydınlığı tələb edir. Özünütərbiyədə şüurluluq o deməkdir ki, şagird daxili təhrikedici motivlərin köməyi ilə müstəqil şəkildə

özünütərbiyəsi ilə məşğul olur. Ona görə də deyirlər ki, özünütərbiyə insanın təkmil, kamil görünməkdən ötrü şüurlu cəhdi ilə əlaqədardır. Özünütərbiyədə məqsədaydınlığı odur ki, şagird (tələbə) özündə hansı keyfiyyətləri inkişaf etdirmək, hansı mənfi keyfiyyətlərdən və davranış təcrübəsindən yaxa qurtarmaq istəyir. Özünütərbiyədə şüurluluq və məqsəd aydınlığı ilə yanaşı, bu işə müntəzəm səy də tələb olunur. Odur ki, şagird (tələbə) gündəlik özünütərbiyəsi qayğısına qalmalıdır. Özünütərbiyə mexanizminin bir-biri ilə qarşılıqlı əlaqə və münasibətdə olan iki tərəfi vardır: 1) subyektiv, daxili (özünüdərk, özünəöhdəlik, özünüidarə, özünütənqid, özünüqiymətləndirmə) və s. 2) obyektiv, xarici (xarici aləmdəki rəngarəng fəaliyyət). Əslində tərbiyə və özünütərbiyə şəxsiyyətin formalaşması prosesinin bir-biri ilə vəhdət təşkil edən iki cəhətidir. Tərbiyədən fərqli olaraq, özünütərbiyə adamın öz şəxsiyyətini müsbət mənada dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq üçün öz üzərində şüurlu, məqsədyönlü və müstəqil surətdə işləməsidir. Özünütərbiyə- insanın özündə zehni, mənəvi, fiziki, estetik və s. keyfiyyətləri, adət, rəftar və davranışını təkmilləşdirməyə yönəldilmiş şüurlu və müntəzəm fəaliyyətidir.Tərbiyə prosesində tərbiyənin məqsədi, məzmunu, üsul və vasitələri müəllim (tərbiyəçi) tərəfindən uşaqlara (yeniyetmə və gənclərə) təlqin və yaxud şərh edilirsə, özünütərbiyə prosesində həmin məsələləri uşaq özü müəyyənləşdirir, dərk edir və qəbul edir. Yəni uşaq özü tərbiyənin həm obyekti, həm də subyekti olur. Özünütərbiyə prosesində tərbiyə edənin işi ilə tərbiyə olunanın işi bir şəxsiyyətdə cəmləşir. Özünütərbiyənin mahiyyəti, məzmunu, istiqaməti, üsul və vasitələri müxtəlif yaş dövrlərində müxtəlif olur. Müəyyən mənada özünütərbiyəyə ehtiyac hələ kiçik yaşlı məktəblilərdə özünü büruzə verir. Bu yaşdakı uşaqların yaşadıqları həyat şəraitinin məzmunundan, fərdi inkişaf xüsusiyyətlərindən, istiqamət və maraqlarından, başqalarına münasibətlərindən və s. amillərdən asılı olaraq özünütərbiyə bəzilərində valideynlərini, yaxud müəllimlərini yamsılama (təqlid etmə) formasında, bəzilərində səmtləşmə-böyüklərə meyl formasında, bəzilərində isə uyğunlaşma, yaxud öz fəaliyyətini müəyyən istiqamətə yönəltmə formalarında göstərir. Şagird yaşa dolduqca, sinifdən-sinfə keçdikcə özünütərbiyənin xarakteri dəyişir, məzmunu zənginləşir və daha şüurlu, məqsədyönlü istiqamət alır. Yeniyetməlik yaş dövründə özünütərbiyə intensiv şəkildə cərəyan edir. Bu dövrdən başlayaraq uşaqda özünə “başqalarının gözü ilə baxmaq”, davranış və rəftarını, hiss və düşüncələrini, arzu və maraqlarını, fiziki və mənəvi keyfiyyətlərini dərk etmək və düzgün qiymətləndirmək meyli güclənir. Həmin əsasda o, öz şəxsiyyətini təkmilləşdirməyə, danışığını, geyimini, davranışını tənzim etməyə, xoşlamadığı hərəkətlərdən uzaqlaşmağa, müəyyən ictimai idealın tələbinə uyğunlaşmağa çalışır; yəni sözün əsl mənasında özünütərbiyə ilə məşğul olur. Əsl özünütərbiyə işi insanın kamilləşmək, öz idealı səviyyəsinə çatmaq, cəmiyyətdə fəal mövqe tutmaq meyli ilə sıx əlaqədar olduğu üçün şəxsiyyətin

formalaşmasında böyük rol oynayır. Buna görə də haqlı olaraq deyirlər ki, özünütərbiyəyə ehtiyac şəxsiyyətin inkişafının yüksək formasıdır. Özünütərbiyə sayəsində yeniyetmələr və gənclər özlərinin qabiliyyət və imkanlarını, hərəkətlərini və ictimai mövqelərini məktəbin, kollektivin, xalqın, Vətənin mənafeyi baxımından qiymətləndirməyə çalışırlar, daha yaxşı keyfiyyətlərə, ədəb-ərkan qaydalarına yiyələnmək üçün möhkəm iradəlilik göstərirlər. İnsan özündə iradi keyfiyyətləri yaratmaqla nəinki özünü tərbiyə edir, eyni zamanda özündə yeni qüvvə mənbələri yaradır, özünü təkmilləşdirir, yetkinləşdirir. Bunlar isə özlüyündə adamda yeni fəaliyyət, hərəkət və davranış motivlərinin yaranmasına səbəb olur. İnsanın iradi keyfiyyətləri artıb inkişaf etdikcə onun tələbatı da artır və inkişaf edir. Göründüyü kimi, gənclər özlərində möhkəm iradə tərbiyə etməklə cəsarətlilik, qorxmazlıq, mənəvi qəhrəmanlıq kimi yüksək keyfiyyətlərə yiyələnə bilərlər.Qüvvətli iradəyə malik olmaq nəinki adamın qarşıya qoyduğu məqsədə nail olmasına, eyni zamanda onun öz fəaliyyət, hərəkət və davranışı üzərində hakim olmasına kömək edir. Özünütərbiyənin əsas şərtlərindən biri də insanın öz xarakterini tərbiyə etməsidir. Xarakter əsasında insan özündə müəyyən xasiyyətlər, sifətlər, əlamətlər xüsusiyyətlər tərbiyə edir. Xarakter vasitəsi ilə nsan adamlara, hər hansı əşyaya və işə öz münasibətini bildirir. Xarakterin tərbiyə edilməsi nəticəsində daha dərin, daha fəal təhrikedici əlamətlər formalaşır. Bunu da unutmaq olmaz ki, hər bir adamın xarakter əlamətləri, bir tərəfdən cəmiyyətin həyat tərzinin təsiri altında, digər tərəfdən isə özünəməxsus psixi xassələr əsasında tərbiyə edilir. Odur ki, özünütərbiyəyə özünəməxsus hal, proses kimi yanaşmaq olmaz. Ona cəmiyyətin tərbiyə sisteminin kompleksi kimi baxmaq lazımdır. Bəs özünütərbiyə nə üçün baş verir? İnsanı özünütərbiyəyə təhrik edən motivlər (səbəblər) hansılardır? Fəaliyyətin bütün sahələrində olduğu kimi, özünütərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə bölmək olar. Özünütərbiyənin xarici motivlərinə cəmiyyətin əxlaqi tələblərini, ətrafdakıların nümunəsini, maddi həvəsləndirməni və s. aid etmək olar. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin amillər insana öz üzərində işləməyə, o tələblərə layiqincə cavab vermək üçün hazırlaşmağa təhrik edir, bir sözlə, özünütərbiyənin motivinə çevrilir.Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi və mənəvi tələbatları, etiqad və inamları və sairə daxildir. Özünütərbiyənin ən ali motivi isə idealdır. İnsanın qəbul etdiyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə, öz idealında olan keyfiyyətlərə yiyələnmək üçün cəhd göstərməyə yönəldir. Özünütərbiyə həmişə yalnız bir motivin təsiri ilə həyata keçmir. Özünütərbiyə bir neçə motivin təsiri ilə baş verir. Lakin bu motivlərdən yalnız biri aparıcı rol oynayır. Özünütərbiyənin motivlərini bilmək, həm tərbiyəçilər, həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər üçün də çox əhəmiyyətlidir. Özünütərbiyə üçün daha təsirli və davamlı, uzun müddətli motivlərin olması böyük əhəmiyyətə malikdir. Bu halda özünütərbiyə ilə məşğul olmaq insanı daim təkmilləşdirməyə, daha yüksək insani, mənəvi keyfiyyətlər qazanmağa çalışması şəxsiyyətin ayrılmaz xüsusiyyətinə çevrilə bilər. Yenidəntərbiyə isə daha çətin və

uzun sürən bir prosesdir. Bir tərəfdən şagirddə özünü göstərən mənfi hallar aradan qaldırılır, digər tərəfdən isə müsbət keyfiyyətləri inkişaf etdirilir.Bütün bu işlərlə məşğul olmaq tərbiyəçidən möhkəm iradə, səbr, soyuqqanlılıq tələb edir. 2. Özünütərbiyənin ən mühüm komponentlərindən biri özünüdərkdir. Özünütərbiyə insan həyatında elə bir fenomendir ki, dünyada heç bir qüvvə onu əvəz edə bilməz. Özünütərbiyə insanın xarici aləmi və özünü dərk etməsinin mühüm tərkib hissəsi kimi müəyyən olunur. Özünütərbiyə yüksək əxlaqi şüura istinad edir. Özünütərbiyənin qarşısında duran əsas məqsəd insanda öz əxlaqi hərəkət və davranışlarını şüurlu surətdə istiqamətləndirmək, öz əxlaqi keyfiyyətlərini daim yaxşılaşdırmaq, özündə hiss etdiyi nöqsanları təkidlə aradan qaldırmaq, mənəvi cəhətdən özünü müntəzəm surətdə təkmilləşdirmək qabiliyyətini artırmaqdan ibarətdir. İnsan ancaq özünü dərk etmək sayəsində özünü tərbiyə edə bilər. İnsanın özünütərbiyəsinin müvəffəqiyyəti bilavasitə onun şüurluluq dərəcəsindən asılıdır. Bu o deməkdir ki, insan yalnız əxlaqi şüurunu yüksəltmək, idrak qabiliyyətini artırmaq yolu ilə özünü tərbiyənin təkcə obyekti deyil, həm də tərbiyənin subyekti edə bilər. Özünütərbiyə cəmiyyətdə mövcud olan tərbiyə sisteminin bir hissəsidir. Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində meydana gəlir və onun inkişafına təsir edir. Özünütərbiyə fərdin ictimai-əxlaqi tələblərinə fəal münasibətidir. Özünütərbiyə prosesində şəxsiyyət yalnız ictimai əxlaqın imperativ tələblərinə əməl etməklə kifayətlənmir, özü xarici aləmi və özünü dərk etmək yolu ilə əxlaqi tələblərin mənəvi dəyərinə inam tərbiyə edir və yalnız bundan sonra bunları öz əxlaqi sərvətlərinə çevirmək üçün fəaliyyət göstərir. Bu fəaliyyət özünütərbiyə fəaliyyətidir. İnsan da öz fəaliyyətinin sahibidir. O, öz “əxlaqi aləminin”, öz “əxlaqi sərvətlər səltənətinin” yaradıcısıdır. Özünütərbiyə bilavasitə insanın özünün əxlaqi yaradıcılığıdır. Bu nöqteyi nəzərdən əxlaq tərbiyəsinin müvəffəqiyyəti xeyli dərəcədə insanın özünün bu tərbiyədə şüurlu iştirakından asılıdır. Deməli, tərbiyə prosesində insanın əxlaqi əsası qoyulur, əxlaqi təsəvvürləri, inamları, adətləri və idealları formalaşır. Şəxsiyyət inkişaf etdikcə özünütərbiyə daha böyük rol oynamağa, özünü aydın şəkildə göstərməyə başlayır. Psixoloqların apardıqları tədqiqatlar göstər- mişdir ki, özünütərbiyə tələbatı şüurlu, planlı iş kimi aydın şəkildə özünü yeniyetməlik dövründə göstərməyə başlayır. Belə ki, yeniyetmə özündə iradi keyfiyyətlər, xarakter əlamətləri tərbiyə etməklə şəxsiyyətinin xüsusiyyətlərini dəyişdirir və özündə daha dərin keyfiyyətlər qazanır. Əvvəla, özündə olan qorxaqlığı, cəsarətsizliyi, utancaqlığı və s. aradan qaldırır, onları islah edir. Özünün hərəkət və davranışını daha da fəallaşdırır, çəkinmədən, qorxmadan müəyyən işlərdə fəal iştirak edir. Öz meyl və imkanlarını üzə çıxarır. Bu səviyyədə yeniyetmə və gənc özünə fərd, canlı varlıq kimi deyil, düşünən, özünü təkmilləşdirə bilən, müəyyən fiziki, psixi, sosial fəallıq göstərən, sosial sərvət və normalara yiyələnən bir şəxsiyyət kimi baxır. Buradan isə onların öz şəxsiyyətinin sürətli inkişaf tələbatları meydana gəlir ki, bu da özünütərbiyənin bir vasitə kimi həyata keçirilməsinə gətirib çıxarır. Həyat şəraiti, yetkinlik dövrü ilə əlaqədar olaraq yeniyetmənin xarakteri bəzən mənfi hallardan müsbət hallara, bəzən isə müsbət

keyfiyyətlərdən mənfi keyfiyyətlərə doğru dəyişir, inkişaf edir. Qədin Yunanıstanın məşhur natiqi Demosfen haqqında hamıya məlum olan belə bir fikir var ki, o, uşaqlıqda pəltək imiş. Öz üzərində təkidlə və qətiyyətlə iradi məşqlər aparmaqla bu fiziki qüsurunu aradan qaldırmış və ən mahir natiq olmuşdur. Görkəmli sərkərdə Napoleon uşaqlıqda çox zəif olub. O, öz üzərində iradi məşqlər aparmaqla sərkərdə səviyyəsinə yüksəlmişdir. Göründüyü kimi, gənclər özlərində möhkəm iradə tərbiyə etməklə cəsarətlilik, qorxmazlıq, mənəvi qəhrəmanlıq kimi yüksək keyfiyyətlərə yiyələnə bilərlər. Qüvvətli iradəyə malk olmaq nəinki adamın qarşıya qoyduğu məqsədə nail olmasına, eyni zamanda onun öz fəaliyyət, hərəkət və davranışı üzərində hakim olmasına kömək edir. İlk gənclik dövründə özünütərbiyə fiziki və iradi özünütəkmilləşdirmə ilə yanaşı, mənəvi təkmilləşdirməyə də xidmət edir. Gənclər özlərində dosta, yoldaşa qarşı sadiqlik kimi keyfiyyətləri tərbiyə etməyə cəhd göstərirlər. Özünütərbiyə insanın aktiv fəaliyyəti kimi özündə müsbət keyfiyyətlər tərbiyə edib təkmilləşdirməyə və mənfi keyfiyyətləri aradan qaldırmağa yönəldilmiş müntəzəm, məqsədyönlü və şüurlu fəaliyyətidir. Özünütərbiyə- insan şəxsiyyətinin təkmilləşdirilməsinin zəruri şərtidir. Özünütərbiyənini komponentləri tərkibinə dərk olunmuş məqsəd və vəzifələr, ictimai tələbatlar və həyati ideallar daxildir ki, onlar özünütəkmilləşdirmə proqramında öz əksini tapmışdır. Özünütərbiyənin ən mühüm komponenti tələbat və motivlərdir ki, bunlar da insanı sistematik olaraq aktiv fəaliyyətə dərk olunmuş təhrikedici daxili qüvvələrdir. Özünütərbiyə insanın kamilləşmək, mənəvi, fiziki, pedaqoji, estetik, əxlaqi cəhətdən özünü cəmiyyətdə tutmaq, istədiyi mövqeyə uyğunlaşdırmaq meyli ilə əlaqədardır. Onların hər biri insandan özünütərbiyə üzrə praktik fəaliyyətdə özünütərbiyənin proqram qaydalarına müvafiq şəkildə öz iradəsini, hisslərini formalaşdırmağa kömək edir. Eyni zamanda insan şəxsiyyətinin bu inkişaf sferaları bir-biri ilə sıx surətdə bağlıdır. Onlar birbirindən asılıdır, biri digərini tamamlayır. Odur ki, onlar özünütərbiyəyə kompleks yanaşmanı, özünüyoxlama, özünənəzarət və korreksiya işlərini aparmaqla fasiləsiz olaraq özünütərbiyənin rəhbərliyini həyata keçirməyi tələb edir. Özünənəzarət bir tərəfdən insanın özünə nəzarəti və özünü tənzim etməsidir. İnsan özünə nəzarət etməyi, öz hərəkət və davranışlarına kənardan baxa bilməyi, öz nöqsanlarını görməyi, öz əməllərində yaxşını pisdən, xeyiri şərdən düzgün ayırd etməyi bacarmalıdır ki, bunun əsasında da öz xarakterindəki qüsurları islah etsin, özünü tərbiyə edə bilsin. Özünənəzarət cəmiyyətdə mövcud olan əxlaqi münasibətlərin mühüm tərkib hissəsidir. Özünütərbiyə üçün özünüdərketmə və özünütəhlil də lazımdır. Özünüdərketmə- şəxsiyyətin özünün mənəvi və fiziki keyfiyyətlərini, davranışını, mənafeyini anlaması, özünə tənqidi münasibət bəsləməsi, cəmiyyətdə öz yerini, mövqeyini aydın başa düşməsidir. Bu da, ilk növbədə, özünüqiymətləndirmə ilə bağlıdır. Çünki bunsuz insanın sosial mühitdə, sosial qruplarda özünütəyin və özünütəsdiq etməsi mümkün deyildir.

3. Özünütərbiyənin üsulları: Özünəöhdəlik–şəxsiyyətin özü, cəmiyyət, kollektiv və digər insanlar qarşısında məsuliyyət və öhdəliyinin nəticəsidir.Özünə qarşı öhdəlik, zəruriyyətinə daxili inam bəsləndikdə, o, həyat şəraitindən, insanın vəzifələrindən asılı olaraq qəbul olunur. Özünəhesabat– şəxsiyyətin vəziyyətinin özü tərəfindən tənzim edilməsi, öz hərəkətlərinə nəzarəti, sosial davranışına və başqalarına qarşı münasibətində özünümüşahidəsi deməkdir. Şəxsi fəaliyyətini və davranışını anlama– öz varlığını dərk etməsindən, şəxsi fəaliyyətini və davranışını düzgün tənzimləyib anlamasından ibarət olan xüsusi formalı fəallıqdır. Özünənəzarət– şəxsiyyətin fizioloji və psixoloji vəziyyətini, hərəkətlərini idarə etməsi və özü tərəfindən tənzim etməsidir. Özünütərbiyənin geniş yayılmış vasitə və üsulları çoxdur: özünümüşahidə, özünütəhlil, özünüqiymətləndirmə, özünümüqayisə. Hər bir müəllim belə vasitə və üsulların seçilməsində, onların mahiyyətinin dərk olunmasında şagirdlərə yaxından kömək etməlidir. Özünüdərketmədən danışarkən şagirdi və ya yeniyetməni başa salmaq lazlmdır ki, bu, adamın öz mənliyini, qabilyyətini, rəftar və davranışını, hiss və düşüncələrini dərk edib qiymətləndirməsidir. Gənc özünü dərk etməsi üçün əvvəlcə ətrafdakılara biganə qalmamalıdır. Əksinə, dostları, yoldaşları, qohum və tanışları üzərində müşahidə aparmalıdır. Özünü onlarla müqayisə etməlidir, aralarındakı ümumi və fərqli cəhətləri müəyyənləşdirməli və nəyin yaxşı və nəyin pis olduğunu aydınlaşdırmalı, özü üçün təhlil aparmalıdır. Belə olduqda o, özü ilə başqaları arasındakı fərqi, münasibət və sərhədləri, yaxşı və pis cəhətləri başa düşər, yəni özünüdərk edər. Özünümüşahidədən bəhs edərkən yeniyetməyə və gəncə izah olunmalıdır ki, bu, özünüdərketmə ilə bağlı fəaliyyətdir. Özünümüşahidə adamın öz əhval-ruhiyyəsini dərk etmək üçün öz fikir və hisslərini, rəftar və davranışını müşahidə etməsidir. Özünümüşahidə şagird və ya yeniyetmənin özünüdərk və idarə etməsinə kömək edir. Yeniyetmə özünümüşahidə yolu ilə özündəki yaxşı və pis cəhətləri müəyyənləşdirməklə birinciləri daha da inkişaf etdirib zənginləşdirmək, sonuncuları isə aradan qaldırmaq üçün müvafiq fəaliyyət göstərər, lazımi üsul və yollardan istifadə edər. Beləliklə də, özünütərbiyə sahəsində müvəffəqiyyət qazanmış olar. Özünətəlqindən söz açarkən şagirdə və ya yeniyetməyə deyilməlidir ki, bu, adamın öz əhval-ruhiyyəsini, hiss və düşüncəsini, rəftar və davranışını məqsədyönlü istiqamətdə idarə etmək, yaxud tənzimləmək üçün öz psixikasına təsir göstərməsidir. Məqsədyönlü özünətəlqin özünüinandırmanın köməyi ilə həyata keçirilir. İradə də bu işdə mühüm rol oynayır. İradəsiz insan özünətəlqindən lazımi şəkildə istifadə edə bilmir və özünütərbiyə sahəsində də passivlik göstərir.